Xəbərlər
İqtisadiyyat naziri Ucarda vətəndaşları qəbul edib

Yanvarın 26-da İqtisadiyyat naziri Şahin Mustafayev Ucarda Zərdab, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehlakçı hüquqlarının müdafiəsi, istehsal və emal müəssisələrinin, turizm infrastrukturunun (mehmanxana) yaradılmasına dəstək göstərilməsi, yeni yaradılmış kredit ittifaqı ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşlığına, cəbhəyanı bölgədə heyvandarlığın inkişafı üçün əlavə torpaq sahəsinin ayrılmasına, kənd təsərrüfatı avadanlığının istehsalına, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, bağçılıq, istixana təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Ucarda keçirilmiş qəbulda digər şəhər və rayonlardan gələn və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülüb.
Ümumilikdə qəbulda 30-a yaxın vətəndaş müraciət edib.
Qəbula gələnlər göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Qeyd edək ki, qəbul barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün kütləvi informasiya vasitələrində, eləcə də İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında və "Facebook" səhifəsində yaradılmış xüsusi bölmələrdə qabaqcadan elan verilib və bu internet resursları vasitəsilə vətəndaşların qəbul üçün elektron müraciətlərinin onlayn qeydiyyata alınması məqsədilə texniki imkanlar yaradılıb.

"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ