Xəbərlər
İyulda 195-2 Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub

2017-ci ilin iyul ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub. Bu müraciətlərin 730-dan çoxu canlı rejimdə, 190-dan çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 69 minə yaxın müraciət daxil olub.
Ötən ay ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərin əldə olunması, lisenziyaların verilməsi, istehlakçıların qanuni hüquqlarının müdafiəsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin qeydə alınması qaydaları, investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, "Made in Azerbaijan" brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş bütün müraciətlər operativ şəkildə cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməsi məqsədilə Nazirliyin aidiyyəti strukturlarına təqdim edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə daha ətraflı cavablandırılması məqsədilə aidiyyəti üzrə yönəldilib.
Məlumat üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya qanunamüvafiq qaydada araşdırılmadan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir. Vətəndaşlar 195-2 Çağrı Mərkəzi xidmətinin səsli menyusundan istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə, İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, investisiya təşviqi sənədinin verilməsi, hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin (qərarların) qeydə alınması, sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və istehlakçıların qanuni hüquqlarının müdafiəsi barədə ümumi məlumatlar əldə edə bilər.
Xüsusi avadanlıqlarla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir xidmət zalında fəaliyyət göstərən Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan bütün zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. 

"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ