Xəbərlər
Şəki rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum iyunun 1-də Şəki rayonunda keçirilib.
Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Şəki rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, bağçılıq, cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar, tütün emalı, süd emalı müəssisəsi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2141 investisiya layihəsinin maliyyələşdirilməsinə 98,7 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, dövlət başçısının tütünçülüyün inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahəyə dövlət maliyyə dəstəyi daha da gücləndirilib. Ümumilikdə, indiyədək tütünçülük sahəsində fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 578 min manat güzəştli kredit verilib. Güzəştli kreditlər əsasən heyvandarlıq, bağçılıq, tütünçülük, çiyələk əkini və s. sahələrin inkişafına yönəldiləcək.
Qeyd edək ki, indiyədək Şəki rayonundan olan 474 sahibkara 28,6 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Şəkidə dövlətin güzəştli krediti ayrılan tütünçülük təsərrüfatına baxış keçirilib.

 

"SAHİBKARLIQ SAHƏSİNƏ AİD QANUNVERİCİLİK AKTLARININ LAYİHƏLƏRİ" XİDMƏT BÖLMƏSİ